DataLife Engine / Türkiyədə məşhur oyundan təsirlənib beş nəfəri bıçaqlayan gənc danışdı: Avropalı dostunun əli var?

Türkiyədə məşhur oyundan təsirlənib beş nəfəri bıçaqlayan gənc danışdı: Avropalı dostunun əli var?

Türkiyənin Eskişehir bölgəsində məşhur oyundan təsirlənərək 2-si ağır olmaqla, 5 nəfəri bıçaqlayan və həbs olunan 18 yaşlı Arda Küçükyetim ilk ifadəsini verib.

Bu barədə Oxu.Az "Sondakika"ya istinadən xəbər verir.

Xatırladaq ki, ötən gün Eskişehirin Tepebaşı rayonunda oynadığı məşhur PUBG döyüş oyununun təsiri ilə oyun personajı kimi geyinən, dəbilqə, gözlük və qoruyucu jiletdən istifadə edən, üzünü maska ilə gizlədən 18 yaşlı Arda adlı gənc küçədə qarşısına çıxan tanımadığı insanlara hücum edib və 5 nəfəri yaralayıb. Həmçinin törətdiklərini başındakı dəbilqənin kamerası ilə sosial şəbəkələrdə canlı yayımlayıb.

Arda Küçükyetim ifadəsində atasının onu döydüyünü, evdə uzun müddət onu tək qoyub getdiklərini, hücumu sosial media platformasında tanış olduğu Şərqi Avropadan olan dostu ilə planlaşdırdığını bildirib.

"Bu hərəkəti insanları sevmədiyim üçün və səs-küy yaradacağım üçün etdim", - deyə gənc məqsədini ifadə edib və insanlara nifrət etdiyini vurğulayıb.

Ardanın bu halı, ilkin araşdırmalara görə, mizantropiya adlı "insanlara nifrət etmə" xəstəliyinə tutulması kimi qiymətləndirilib.

Digər tərəfdən, onun heç bir cinayətkar təşkilatla əlaqəsi olmadığı üçün hücumun "Yalnız qurd" adı verilən fərdi terror hücumlarına aid olduğu versiyası irəli sürülüb. Bundan əlavə, Ardanın sosial mediada işlətdiyi "Skreewie" sözünün də polyak dilində "iyrənc" mənasını verdiyi məlum olub. O, həmçinin sosial şəbəkələrdə bütün dünyada baş verən qanlı terror hücumlarından fotolar paylaşıb.

Xatırladaq ki, daha əvvəl Arda Küçükyetimin dostu, 17 yaşlı Ayaz Bulut onun hadisəni törədəcəyi ilə bağlı xəbərdarlıq etdiyini deyib.

"Daha əvvəllər də deyirdi ki, gedib partiya binasına "Molotov" kokteyli atacağam, küçədə pişikləri təpikləyirəm, insanların öldürüldüyü videolara baxıram, evimə gələn qonaqların uşaqlarını döyürəm və bunları etmək xoşuma gəlir. Bunun səbəbi ailə sevgisi görməməsi ola bilər. Atasının onu döydüyünü deyirdi. Amma bunları edəcəyini deyəndə ciddi olduğunu düşünmürdüm. Hətta zarafat etdiyini də zənn edirdim.

Hadisəni görəndə çox təəccübləndim. Əlim-ayağım əsdi. Düşünürəm ki, psixologiyası korlandığı üçün bunları etmiş ola bilər", - deyə Ayaz Bulut danışıb.

Qeyd edək ki, "Mizantropiya" insanlara nifrət etmək, insanları sevməmək və onlara güvənməmək mənasını verən psixi vəziyyətdir. Mizantropiyası olanlar digər insanlara qarşı mənfi duyğuları və davranışları olduğu üçün ətrafdakılardan uzaqlaşır, tək qalmaq istəyir. İnsanlarla ünsiyyətdən qaçmaq üçün hər cür cəhd edir. Məsafəli bir münasibət nümayiş etdirir və assosial fərd halına gəlir. O, izdihamlı mühitlərə girmək istəmir və insanlardan qaçırmış kimi oradan uzaqlaşır. İş həyatında da sosial olmayan, insanlarla az təmasda olacağı peşələrə üstünlük verir. Həmçinin bu simptomlardan bəziləri təkcə mizantropiyaya malik insanlarda deyil, eyni zamanda psixoloji pozğunluğu olan bir çox insanda da müşahidə oluna bilər.


15-08-2024, 12:44
Вернуться назад