DataLife Engine / Ermənistanda rus dili artıq məcburi deyil?

Ermənistanda rus dili artıq məcburi deyil?

Ermənistanda 2024-2025-ci tədris ilində məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib. Hələ yayda ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi xarici dillərin tədrisinə dair bütün məktəblərə sirkulyar göndərib.

Oxu.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Dövlət standartında rus dili hələ də birinci və məcburi öyrənilən xarici dil olaraq qalır. Lakin sirkulyarda hər şey fərqlidir: bəzi təhsil müəssisələrinin sinifləri üçün rus dili baza (məcburi) statusundan xarici (seçmə) statusuna keçib. Eyni zamanda, hər xarici dilə həftədə iki saat ayrılıb.

Yəni "rus dili" ayrıca fənn kimi yalnız 4-cü, 9-cu (həftədə üç saat), 11-ci və 12-ci siniflərdə (həftədə iki saat) qalıb. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca "Rus dili" fənni yoxdur. "Xarici dil 1" və "Xarici dil 2" var.

Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi "Sputnik Ermənistan"ın sorğusuna cavabında təsdiq edib ki, nazirin 27 iyul 2023-cü il tarixli əmrinə əsasən, 2, 3, 5, 6, 7, 8, 10-cu siniflərdə tədris prosesi ümumtəhsil dövlət standartlarına uyğun olaraq, fənlərə və proqramlara yeni tələblər əsasında təşkil olunur.

"Müvafiq olaraq, məktəb öz tədris planını özü hazırlayır", - deyə cavabda bildirilib.

Nazirlik izah edib ki, dövlət standartının norma və müddəaları Ermənistanın ümumtəhsil müəssisələrinin səlahiyyətli orqanları üçün məcburidir.


6-09-2024, 10:53
Вернуться назад