DataLife Engine / "Çimərlikdə xilasedici yoxdursa, orada həyatımız təklükədədir"- FHN

"Çimərlikdə xilasedici yoxdursa, orada həyatımız təklükədədir"- FHN

Yay mövsümü gələr-gəlməz insanlar istirahət üçün çimərliyə üz tuturlar. Lakin hər yay dənizdə boğulma halları müşahidə olunur.

İnsanlar boğulmadan qorunmaq üçün nəyə diqqət yetirməlidirlər?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili BiG.AZ-a bildirib ki, əgər çimərlikdə xilasedici yoxdursa, demək ki, orada həyatımız təklükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik:

"Çimərlikdə xilasedici yoxdursa, orada həyatımız təklükədədir"- FHN


"Fövqaladə Hallar Nazirliyinin təqdim etdiyi statistik məlumatlara əsasən hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmır. Bu onu deməyə əsas verir ki, çimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz (xilasedici, xilasetmə texnika və vasitələri olmayan çimərlik və ya su hövzəsi) su obyektlərinin seçilməsidir. Məntiqlə yanaşsaq, əgər biz çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa bizim köməyimizə xilasedici gəlməlidir və əgər çimərlikdə xilasedici yoxdursa, demək ki, orada həyatımız təklükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik.
Bəzən çimmək üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrində əsasən azyaşlı və uşaqların üzməsi halları müşahidə edilir.Nəzərə almaq lazımdır ki, bu tip su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Suda boğulmanın digər səbəbləri küləkli,dalğalı hava şəraiti, sualtı yad cisimlərin (daş, qaya parçaları, dəmir-beton qalıqları) insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, panika (təşviş) və müxtəlif xəstəlikliklər səbəbindən (ürək damar və digər) boğulmaları misal göstərmək olar.

Çimərlikdə qadağandır:
- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- Küləkli havada dənizə girmək!
- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!
- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!
- Suda kobud hərəkətlər etmək!
- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!
- Çimərliyə ev heyvanlarını gətirmək!
- Çimərlikdə balıq tutmaq!
- Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!
- Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!

Yadda saxlayın!
- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!
- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!
- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!
- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!
- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!
- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir!"


24-06-2024, 10:52
Вернуться назад