DataLife Engine / Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi?

Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi?

Rüşvətin alınmasını və ya onun verilməsini sübuta yetirmək elə də asan deyil. Vətəndaşlar bəzən bu cinayət əməlini ictimailəşdirmək üçün video-kameralardan, yaxud səs yazılarından istifadə edirlər. Bəs görəsən səs yazısı rüşvətin alınıb-verilməsini sübuta yetirmək üçün istintaq prosesində dəlil sayıla bilərmi?

Məsələ ilə əlaqədar vəkil İntiqam Hacıyevə müraciət etdik.

Vəkil e-huquq.az-a bildirib ki, səs yazısının sübut sayılması üçün, ilk növbədə, onun qanuni olub-olmamasına baxmaq lazımdır: “Yəni səs yazısı qeydə alınarkən bunun qanun çərçivəsində həyata keçirilib-keçirilmədiyinə nəzər yetirmək lazımdır”.

Onun sözlərinə görə, əgər səs yazısı qanunsuzdursa və o, istintaqın marağında olarsa, ekspertiza təyin edilir: “Ekspertiza həmin səs yazısındakı səsin doğrudan da prosesə məxsus olub-olmadığını müəyyənləşdirir. Ekspert rəy versə ki, səs yazısındakı səs müəyyən şəxsə məxsusdur o zaman bu, sübut sayılır və o, hüquqi formada sənədləşdirilir. Bəzən müstəntiq səs yazısına maraq göstərmir”.

İ.Hacıyev qeyd edib ki, ümumilikdə səs yazısı qanunsuz olduğuna görə sübut sayıla bilməz: “Yenə də təkrar edirəm ki, sübut etmək üçün isə ekspertiza təyin edirlər”. Vəkil diqqətə çatdırıb ki, səsin qanunsuz yazılmasına görə heç bir cəza müəyyən edilməyib: “Bu, qanunvericilikdə, o cümlədən Konstitusiyada qadağan edilsə də, səs yazısının qeydə alınmasına görə məsuliyyət heç bir yerdə nəzərdə tutulmayıb”.
6-09-2019, 23:13
Вернуться назад